Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının prezidenti, Məsud Pezeşkian, İslam İnqilabının qələbəsinin 47-ci ildönümü tədbirində və 22 Bəhmən yürüşündə iştirak edən milyonlarla insan qarşısında çıxış edərək, İslam İnqilabının böyük banisinin və inqilab şəhidlərinin xatirəsini yad etmiş, İmamın yolunun davam etdirilməsinin və Ali Məqamlı Rəhbərə tabeçiliyin vacibliyini vurğulamışdır.
Prezident çıxışının əvvəlində həzrət İmam Xomeyninin (r) uca ruhunu ehtiramla yad edərək, İslam İnqilabının şəhidlərini yad etdi və Ali Məqamlı Rəhbər üçün izzətli və bərəkətli uzun ömür arzuladı. O, İran xalqına ehtiramını bildirərək, bu günkü yürüşdə insanların geniş iştirakını inqilabın hədəflərinə sədaqətin təzahürü kimi qiymətləndirdi.
Məsud Pezeşkiyan ölkə üzrə milyonlarla insanın iştirakına toxunaraq bildirdi: “Bu gün dünya görməlidir ki, İran xalqı inqilabı qorumaq və Ali Məqamlı Rəhbərə itaət etmək məqsədilə ölkənin bütün şəhər və bölgələrində meydanlara çıxıblar. Bu iştirak vətəni və dəyərləri müdafiə etmək, eləcə də İranın suyunu torpağını və ərazi bütövlüyünü qorumaq üçündür.”
Prezident çıxışının davamında İmam Xomeyninin (r) bəyanatlarında “ilahi günlər” anlayışını izah edərək və İbrahim surəsinin ayələrinə istinad edərək bildirdi: “İlahi günlər o günlərdir ki, insanlar zülm, haqsızlıq, zorakılıq və təcavüz qarşısında ayağa qalxırlar. Qurani-Kərim insanları zülmətlərdən nura, zillətdən izzətə və zülmdən ucalığa yönəltmək üçün nazil olmuşdur və İlahi günləri elə bir günlərdir ki, xalq bütün varlıqları ilə çirkinliklərə və qaranlıqlara qarşı dayanırlar.”
Pezeşkiyan belə bir sual verib: «Niyə üsyan etdik?» O sonra əlavə etdi: Üsyan etdik ki, ədalət hökm sürsün, müstəqil olaq və dünyaya göstərək ki, iranlılar və müsəlmanlar öz iradələrinə, bacarıqlarına, elminə və sənətinə güvənərək ölkələrini qura bilərlər, həmçinin xalqına şərəf və azadlıq gətirə bilərlər.
Prezident çıxışının başqa bir hissəsində inqilabın ilk günlərindəki sui-qəsdlərə işarə edərək bildirdi: Elə ilk günlərdən etibarən etnik məsələlər, siyasi qruplar, çevrilişlər və yeni yaranmış inqilabı zəiflətmək üçün digər tədbirlər düşmənlərin gündəmində idi. ABŞ və bəzi Avropa ölkələri İslam İnqilabını aradan aparmağa çalışdılar, amma buna nail ola bilmədilər.
Pezeşkiyan həmçinin İran-İraq müharibəsinə işarə edərək dedi: Bağdadın Bəəs rejimi xarici güclərin təhriki və dəstəyi ilə İran əleyhinə səkkiz illik bir müharibə başlatdı və ona geniş dəstək göstərildi ki, İranı parçalasın və zəbt etsin, həmçinin onu uğursuzluğa məcbur etsin. Lakin İran xalqı möhkəm iradəsi və müqaviməti ilə bu böyük sınaqdan üzüağ çıxdı.
Prezident çıxışını davam etdirərək İslam İnqilabının və ölkə şəhidlərini yad etdi və İranın şərəfi üçün canlarını təhlükəyə atan, sərhədlərdə və döyüş cəbhələrində ölkəni müdafiə edən gənclərin fədakarlığını xatırladı.
Pezeşkiyan bildirib ki, bu şəhidlərin bir çoxu sağ olsaydı, ölkəyə böyük xidmətlər göstərə bilərdilər. O əlavə etdi: Onlar dünya, hakimiyyət, şöhrət və şöhrət arxasınca getməyən, əksinə məxfi şəkildə öz həyatlarını inqilab, ölkə və xalq yolunda fəda edən şəxslər idilər.
Prezident çıxışında general Baqiri, Salami, Süleymani və digər şəhidlər də daxil olmaqla hərbi komandirlər və önəmli şəxslərə işarə edərək vurğuladı ki, bunların şəhid olması vətənin müdafiəsi yolunda səmimiyyət və fədakarlığın göstəricisidir.
Pezeşkiyan həmçinin xaricdəki bəzi müxaliflərin iddialarına işarə edərək dedi: İran və iranlı adı altında ölkəni idarə etdiklərini iddia edənlər bilməlidirlər ki, bizim şəhidlər vətən uğrunda öz həyat və canlarından keçdilər. Bu şəhidlərin və onların ailələrinin həyatı və taleyi böyük bir dərsdir həmin dərs, ölkənin əmlakını talan edənlər və onu aparanlar üçün və bu gün xaricdə oturub ölkənin vəziyyətini düzəltmə iddiası irəli sürənlər üçündür.
Prezident çıxışında bildirdi ki, bəzi qruplar media və reklam vasitələrindən istifadə edərək cəmiyyətin və gənclərin düşüncələrində qarışıqlıq yaratmağa çalışırlar. O, bunu ölkənin ciddi problemlərindən biri hesab etdi və mövcud bəzi çatışmazlıqlar və qüsurlar üçün dövlətin məsul şəxsi kimi İran xalqından üzr istədi. Prezident əlavə etdi: “Biz hökumətdə bütün gücümüzlə problemləri həll etməyə çalışırıq və Allahın köməyi və Ali Məqamlı Rəhbərin müdrik və uzaqgörənliyi ilə bütün maneə və təzyiqlərə baxmayaraq problemlərin həll yolu ilə güclü şəkildə irəliləyəcəyik.”
Pezeşkiyan çıxışının başqa bir hissəsində hökumətin işə başladığı dövrdə enerji sahəsinin vəziyyətinə işarə edərək deyib: “Hökumətə təhvil verilən vaxtda ölkə enerji sahəsində, həm elektrik, həm də qaz üzrə, təxminən 20–25 min meqavatlıq çatışmazlıqla üzləşmişdi. Lakin indiyə qədər bu çatışmazlığın 10 mindən çox meqavatı günəş panellərinin inkişafı, elektrik stansiyalarının tikintisi və istehlakın optimallaşdırılması və qənaət tədbirləri vasitəsilə kompensasiya olunub.”
Prezident çıxışında bildirdi ki, ölkənin inkişafı sabit enerji təminatı olmadan mümkün deyil və hökumət xalqın və istehsalçıların iştirakı ilə bu problemi həll etmək yolunda çalışır və sürətlə özünü təmin etməyə doğru gedir. O, qeyd etdi ki, görülən tədbirlər sayəsində növbəti yayda enerji sahəsində əvvəlki problemlər təkrarlanmayacaq.
Pezeşkiyan həmçinin nəqliyyat sahəsində inkişafın zəruriliyinə işarə edərək vurğuladı: “Geniş inkişafın reallaşması daxili birliyə və həmrəyliyə bağlıdır və bu gün ölkə əvvəlkindən daha çox, bəzi gəncləri səhvə və ya aldanmağa sürükləyə biləcək təhdidlər, sui-qəsdlər və sapmalara qarşı həmrəylik və vahid mövqeyə ehtiyac duyur.”
Prezident milli həmrəylik və birliyin vacibliyini vurğulayaraq bildirdi: “Bu gün əvvəlkindən daha çox həmrəylik və birlik lazımdır və cəmiyyət əvvəlkindən daha çox belə bir rəhbərliyə ehtiyac duyur ki, fərqli zövqləri, fikir ayrılıqlarını və problemləri bir araya gətirərək aydın bir məqsədə yönəltsin.”
Pezeşkiyan İslam Respublikasında rəhbərliyin ölkənin gücünün amili olduğunu qeyd edərək deyib: “Bu dövlət indiyə qədər edilən bütün hücumlara qarşı gözəl formada cavab verib və məhz bu, düşmənlərin narahatçılığına səbəb olubdur.”
Prezident yanvarın 8 və 9-da baş vermiş hadisələrə işarə edərək bu hadisələri İran xalqı üçün böyük kədər mənbəyi adlandıraraq deyib: “Baş vermiş hadisələr ölkədə böyük bir kədər yaratdı və bəzi əziz vətəndaşlarımız həyatını itirdi. Bundan əlavə, beynəlxalq səviyyədə manipulyasiya və şayiə yayımı da baş verdi. Biz özümüzü xalq qarşısında məsul hesab edirik, xalqdan üzr istəyirik və bu hadisələrdə zərər görmüş hər kəsə xidmət etməyə borcluyuq və bu yolu davam etdirəcəyik.”
Pezeşkiyan bu hadisələrdə iştirak edən polis qüvvələri, Bəsic, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər şəxslərə işarə edərək bildirib:“Biz xalqın səsini dinləməyə hazırıq və özümüzü xalqın xidmətçisi hesab edirik. Məqsədimiz xalqla qarşıdurma yaratmaq deyil. Düşmənlər cəmiyyətdə bir sıra problemlər yaratmağa çalışırlar, lakin bizim vəzifəmiz bu problemləri aradan qaldırmaq və Ali Məqamlı Rəhbərin müdrik rəhbərliyi altında birləşmək yolunda irəliləməkdir ki, birgə hərəkət edərək düşmənin hücumlarına qarşı möhkəm dayana bilək.”
Prezident çıxışının davamında İslam İnqilabının məqsədlərinə işarə edərək dedi: “İnqilab etdik ki, ədalət hökm sürsün, ayrı-seçkilik aradan qalxsın. İslam baxımından üstünlük meyarı isə Allah qorxusu və xalqın xidmətində bacarıq və layiqlikdir.”
Pezeşkiyan bildirib ki, hökumət cinsi, siyasi və etnik sərhədləri azaltmaq yolunda hərəkət edir. “Təcrübəmiz göstərir ki, məqsədimiz ölkənin bütün əyalət və bölgələrində ədaləti həyata keçirməkdir. Həmçinin infrastruktur sahəsində, Ali Rəhbərin vurğuladığı kommunikasiya koridorlarının həyata keçirilməsi sürətlə davam edir və bu layihələrin çoxu Allahın köməyi ilə bu ilin sonuna qədər tamamlanacaq, gələn il isə onların inkişafı davam etdiriləcək.”
Prezident həmçinin qonşu ölkələrlə münasibətlərin gücləndirilməsinə diqqət çəkərək deyib: Ali Məqamlı Rəhbərin tövsiyələri və müəyyən edilmiş siyasətlərə əsasən, İslam ölkələri və qonşu ölkələrlə əlaqələrin inkişafı hökumətin gündəmindədir. Son dövrlərdə düşmənlər İran əleyhinə manipulyasiya və ya hərəkətlər planlaşdırmağa çalışarkən, bir çox İslam ölkələri İran İslam Respublikası ilə əlaqə saxlayaraq dəstək mövqelərini açıqladılar.”
Pezeşkiyan müxtəlif ölkələrin rəsmilərindən, o cümlədən Türkiyə, Azərbaycan, Qatar, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misirə təşəkkür edərək bildirib: “Bu ölkələr diplomatik yanaşma ilə gərginliyin artmasının qarşısını almağa çalışdılar və İsrail rejimi ilə ABŞ-a bölgədə məqsədlərini həyata keçirməyə imkan vermədilər.”
Pezeşkiyan çıxışının davamında regional və İslam ölkələri ilə münasibətlərin gücləndirilməsinin vacibliyinə işarə edərək dedi: “Müsəlman ölkələr ölkəmizin inkişafı və istehsalı üçün mühüm bir zəmin təşkil edir və İran iqtisadi irəliləyiş üçün bazara ehtiyac duyur. İlk mərhələdə bu bazarlar İslam ölkələri və qonşu dövlətlərdə yerləşir.”
Prezident əlavə etdi: “İran İslam Respublikası Avrasiya, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər geniş mexanizmlər daxil olmaqla regional və beynəlxalq müqavilələr çərçivəsində öz əlaqələrini gücləndirmək və möhkəmləndirmək üzərində çalışır.”
Pezeşkiyan xarici siyasətin Ali Rəhbərin göstərişləri əsasında və fəal diplomatiya yanaşması ilə həyata keçirildiyini vurğulayaraq bildirdi: “Biz həm öz xalqımıza, həm də beynəlxalq cəmiyyətə qarşı dürüstük. İran İslam Respublikası nüvə silahı əldə etmək niyyətində deyil və bu mövqeni dəfələrlə açıqlamışıq, hər cür yoxlamaya hazırıq. Lakin ABŞ və bəzi Avropa ölkələrinin davranış və bəyanatları ilə yaratdıqları etimadsızlıq, danışıqlarda sürətli nəticələr əldə etməyə mane olur.”
Prezident əlavə etdi: “İran tamahkarlığa və ədalətsizliyə qarşı geri çəkilməyəcək, eyni zamanda bütün gücü ilə regional sülh və sabitlik yolunda, xüsusilə qonşu ölkələrlə dialoq vasitəsilə irəliləyir. Regional məsələlər xarici qüvvələrin əli ilə deyil, region ölkələri tərəfindən həll edilməlidir.
Pezeşkiyan bildirdi ki, bölgədəki müsəlman ölkələr öz problemlərini dialoq vasitəsilə həll edə bilərlər. “İranın taleyi və regional proseslərdə qərar vermək üçün yadellilərin müdaxiləsinə ehtiyacı yoxdur. Biz beynəlxalq qanunlar və İran xalqının hüquqları çərçivəsində dialoqa hazırıq. Lakin bu danışıqlar Ali Rəhbərin müəyyən etdiyi qırmızı xətlər çərçivəsində aparılacaq.”
Prezident isə daxili siyasət sahəsində hökumətin proqramlarına işarə edərək dedi: “Hökumətin ən əsas prioriteti xalqın yaşayışıdır. Əsas ehtiyacların təmin olunması və cəmiyyətin iqtisadi şəraitinin yaxşılaşdırılması üçün zəruri imkanların yaradılması prioritetdir və hökumət bütün gücü ilə bu imkanları müxtəlif yollarla təmin etməyə çalışır.”
Pezeşkiyan həmçinin hökumətin korrupsiyaya qarşı mübarizəsini vurğulayaraq dedi: “Oğurluq, rüşvət, ictimai hüquqların pozulması və qaçaqmalçılığa qarşı mübarizə hökumətin ciddi gündəmindədir. Hökumətin subsidiyaları ləğv etmək planı yoxdur; əksinə, dəstək proqramları məqsədyönlü şəkildə zəncirin əvvəldən sonuna qədər çatdırılacaq.”
Prezident mərkəzləşdirilmiş idarəetmədən uzaqlaşma siyasətinə işarə edərək bildirdi: “Hökumət və Prezident Aparatının bir hissə səlahiyyətləri qanun çərçivəsində və müəyyən edilmiş vəzifələr üzrə əyalətlərə verəcək ki, işlərin idarə olunması daha səmərəli və sürətli şəkildə həyata keçirilsin.”
Pezeşkiyan əyalətlərə səlahiyyətlərin verilməsinin zəruriliyini vurğulayaraq dedi: “Əyalətlər və İran xalqı milli səviyyədə olan eyni potensiala malikdirlər və səlahiyyət verildiyi halda, hər bölgənin şəraitinə uyğun, sürətli və çevik qərar qəbul etmək imkanı əldə edəcəklər. Hökumət qanun çərçivəsində səlahiyyətlərin bir hissəsini vilayətlərə verəcək ki, yerli bilik və təcrübə ilə məsələlər daha sürətlə həll olunsun.”
Prezident isə hökumətin xalq yönümlü yanaşmasına işarə edərək əlavə etdi: “Hökumətin gündəmində məhəllə, məscid və məktəb mərkəzli inkişafın gücləndirilməsi durur, çünki hökumət inanır ki, xalqın problemlərinin həlli onların birbaşa iştirakı ilə həyata keçirilməlidir. Qarışıq və lazımsız bürokratiyanın azaldılması və işlərin xalq və yerli qurumlara verilməsi hökumətin ciddi proqramlarındandır və bu yolda bütün səylər səfərbər ediləcək.
Pezeşkiyan xalqın iştirakının problemləri aşmaq üçün əsas açar olduğunu vurğulayaraq dedi: “İnfrastruktur layihələrinin həyata keçirilməsi xalqın iştirakı ilə çətin deyil; məsələn, bir ildən az müddətdə təxminən beş min meqavatlıq günəş paneli quraşdırılıb və üç mindən çox məktəbin tikintisi dövlət vəsaiti hesabına deyil, xeyirxahların iştirakı ilə həyata keçirilib və avadanlaşdırılıb. Əsas problem tək maddi sahədə deyil, məhz mənəviyyat və tərbiyə sahəsində, yəni baxışların islahı, əxlaqın, davranışların dəyişdirilməsi və ədalətsizliklərdən çəkinilməsindədir.
Prezident isə məscidlərin, din xadimlərinin və sağlamlıq mərkəzlərinin bu məsələlərin həllinə kömək rolunu vurğulayaraq dedi: “Hökumət xalqın yanında dayanaraq universitet, istehsalçı, sahibkar və sənətkarlara o cümlədən alim, idmançı və cəmiyyətin bütün təbəqələrinə dayanaraq sanksiya və təzyiqlərə qarşı duracaq və heç bir güc İran xalqını zəiflədə bilməyəcək.”
Pezeşkiyan hökumətin etirazları qarşılamasını və onları “nemət” hesab etməsini vurğulayaraq dedi: “Xalqın səsini dinləmək vəzifədir, amma dağıntı, zorakılıq, ictimai əmlakın yandırılması və yadellilərin müdaxiləsini tələb etmək qəbuledilməzdir. İranlılar öz ölkələrinin problemlərini həll etməyə qadirdir və bu yol dialoq, həmrəylik və şayiələrdən və zərərli hərəkətlərdən uzaq durmaqla davam etdirilməlidir.”
Prezident isə 11 fevral yürüşündə xalqın geniş iştirak, səbr və dəstəyinə, həmçinin Ali Məqamlı Rəhbərin göstərişlərinə çətin şəraitdə əməl etməsinə görə təşəkkür edərək deyib: “Özümüzü xalq qarşısında utancaq hiss edirik və nəfəsimiz olduğu müddətcə əziz İran xalqına xidmət edəcəyik.”
Pezeşkiyan həmçinin qanunverici, icra və məhkəmə orqanları ilə silahlı və təhlükəsizlik qüvvələri arasında koordinasiya və həmrəyliyə işarə edərək dedi: “Bu həmrəyliklə ölkə problemlərin öhdəsindən gələcək.”
Prezident əyalətlərdə məsələləri köklü şəkildə araşdırmaq və mümkün xətaları açıqlamaq üçün işçi qruplarının yaradıldığını bildirərək vurğuladı: Hökumətin məqsədi səhvlərin təkrarlanmasının qarşısını almaq və islahat və inkişaf yolunda irəliləməkdir.
Pezeşkiyan çıxışını yekunlaşdıraraq İran xalqına və bütün İslam ölkələrinə şərəf, ədalət, inkişaf, qardaşlıq və şan-şöhrət arzulayıb.
Xəbərin sonu
Rəyiniz